Şahmat Olimpiadasının Tarixi

    Olimpiada kimi mötəbər şahmat tədbirlərinə ev sahibliyi etmək hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan paytaxtı Bakı Şahmat Olimpiadaları tarixinin yeni səhifəsini yazmağa hazırlaşdığı vaxt biz əvvəlki böyük şahmat tədbirlərinin ən önəmli və maraqları anlarını xatırlatmaq istəyirik.

    Şahmat Olimpiadası hazırda 150-dən çox ölkə və 3000-ə yaxın idmançı və rəsmiləri özünə cəlb edən idman dünyasının əsas hadisələrindən biridir.

    1924 və 1926-cı illərdə təşkil olunan ilk iki olimpiada qeyri-rəsmi olaraq təşkil olunub. Olimpiya Oyunlarına şahmatın da daxil edilməsi üçün ilk təşəbbüs 1924-cü ildə göstərilib. Həmin dövrdə yüksək səviyyəli şahmatçıların mötəbər yarışda iştirak etməməsi eyni zamanda həvəskar və peşəkar şahmatçılar arasında seçim probleminin olmasına görə olimpiada ailəsinə üzv olunmaq arzusu reallaşmadı.

    1924-cü il iyulun 20-də Parisdə təşkil edilən ilk qeyri-rəsmi Şahmat Olimpiadasının sonu şahmat tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gün Beynəlxalq Şahmat Federasiyasının - FİDE-nin yaranması haqda qərar qəbul olundu və 20 iyul beynəlxalq şahmat günü kimi tarixə düşdü.

    Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1927-ci ildə Londonda keçirilən birinci rəsmi ("Olimpiada" adı yalnız 1952-ci ildə təsdiqlənib) olimpiadanı təşkil etdi. Bundan sonra olimpiadalar II Dünya müharibəsinə qədər bəzən hər il, bəzən isə qeyri-müntəzəm intervallarla keçirilib. Şahmat Olimpiadası tarixində 1939-cu ildən 1950-ci ilə qədər uzun fasilə oldu, lakin 1950-ci ildən başlayaraq mütəmadi olaraq hər iki ildən bir keçirilməyə başladı. 1927-ci ildən indiyə qədər 41 Ümumdünya Şahmat Olimpiadası təştkil olunub. Bakıda keçiriləcək olimpiada 42-ci olacaq.

    1927-ci ildə Londondakı ilk rəsmi Şahmat Olimpiadasında 16 komanda mübarizə aparıb. Sonuncu 2014-cü ilə təsadüf edən Tromsödə baş tutan yarışda iştirakçı ölkələrin sayı 176-ya çatıb. Kişi şahmatçılardan fərqli olaraq qadın şahmatçılar 1957-ci ildən olimpiadada iştirak edir. Həmin il xanım şahmatçılar yarışda 21 komandayla təmsil olunub. 2014-cü il Norveçdəki olimpiadada isə çempionluq uğrunda 136 ölkədən xanım şahmatçılar yarışıb.  

    1928-ci ildə Haaqada baş tutan olimpiadada təmsil olunan əksər ölkələr güclü heyətlə mübarizə aparmadı. Əsas şahmatçılar mötəbər yarışda çıxış etməkdən imtina etdi. Buna səbəb FİDE-nin britaniyalı nümayəndələrinin qəbul etdiyi qərarlar oldu. Onlar həvəskar şahmatçıların da yarışda iştirakına icazə verməklə müəyyən qalmaqalın əsasını qoydu. Nəticədə olimpiada nüfuzunu itirdi. Sonralar həvəskar status milli federasiyalara verildi. Bir neçə il sonra hər ölkə olimpiadada ən güclü şahmatçısıyla təmsil olunmağa başladı. Beləliklə ən güclü şahmatçıların iştirak etdiyi olimpiada dünyanın ən güclü idman mübarizələrindən birinə çevrildi.   

    Bu gün olimpiadalarda rast gəlinən bir sıra qaydalar sonradan tətbiq olunub. Hazırda komandaların əksəriyyəti cəmi dörd oyunçudan ibarətdir. Əvvəllər iki şahmatçı ehtiyat oyunçu kimi sifariş olunurdusa, son illər bir qayda olaraq əsas komandaya 1 ehtiyat oyunçu daxil etməyə icazə verilir. 2008-ci ildən etibarən milli komandalar olimpiadada 4 əsas və 1 ehtiyat şahmatçıyla çıxış edir.

    İlk illər olimpiadada yarış təqvimi darıxdırıcı olmasıyla fərqlənib. Çünki, 11 gün ərzində komandalar 15 turda üz-üzə gəlirdi. Adətən şahmatçılar 4 gün ərzində əlavə oyunda iştirak edirdi. Eyni zamanda orada təxirə salınan oyunlara rast gəlinirdi və beləliklə, natamam oyunlar növbəti günün səhərisi oynanılırdı.

    Hazırda şahmat olimpiadasının qalibi 11 turdan sorna müəyyənləşir. Hər gün komandalar yalnız 1 oyun keçirir. Olimpiada ərzində şahmatçılara bir istirahət günü verilir. Qaydalara görə bütün oyunlar həmin gün başa çatmalıdır. 

    1957-ci il sentyabrın 1-də “Açıq” Şahmat Olimpiadasından ayrı keçirilən ilk Qadın şahmat olimpiadası start götürüb. Bu Emmendə (Hollandiya) keçirilib. İlk dəfə 1972-ci ildə Skopyedə kişi və qadın şahmatçılar eyni olimpiadada birgə mübarizə aparıb. Maraqlıdır ki, 1974-cü ildə kişi və qadınların olimpiadası növbəti dəfə bir-birindən ayrılıb. Kişilər Fransada, xanımlar isə Kolumbiyada mübarizə aparıb. 1976-cı ildən indiyə qədər həm kişi, həm də qadın şahmatçılar olimpiadada eyni vaxtda, eyni tarixdə və eyni məkanda çıxış edir.

    Şahmat Olimpiadalarının coğrafiyası maraq doğurmaya bilməz. Moskva, İstanbul, Saloniki və Buenos Ayresdə olimpiada iki dəfə təşkil olunub. Almaniyanın Münhen şəhəri bu siyahıya daxil olunmur. Çünki, Münhen olimpiadası da qeyri-rəsmi şahmat olimpiadası hesab olunur.  

    1976-cı il oktyabrın 24-dən noyabrın 15-i aralığında İsrailin Hayfa şəhərində keçirilən rəsmi 22-ci Şahmat Olimpiadasına alternativ olaraq Libiyanın Tripoliya şəhərində də qeyri-rəsmi olimpiada keçirilib. Böyük şahmat ölkələri Libiyadakı yarışda iştirak etməyib. Tripoliyadakı turnirdə daha çox ərəb dövlətləri çıxış edib.

    1952-ci ildə Helsinkidə SSRİ-nin kişi şahmatçılardan ibarət komandası ilk dəfə iştirak etdiyi şahmat olimpiadasında qızıl medal qazanıb. Bundan sonra iştirak etdiyi olimpiadalarda (1976-cı ildə Hayfada iştirak etməyib, 1978-ci il Buenos Ayresdə keçirilən olimpiadada gümüş medal qazanıb) qalib olan SSRİ yığması ümumilikdə 19 dəfə çempionluq sevinci yaşayıb.